Bosfor Körfezi… Bəxtiyar Vahabzadə’nin bu şiirini İbrahim Nebioğlu kürsüye çıkıp okumuştu

Böyük şairimiz Bəxtiyar Vahabzadənin adını daşıyan bu gözəl tankerin açılışında mən kürsüyə çıxıb onun 1961-ci ildə yazdığı möhtəşəm bir şeirini oxumuşdum.

Açılışda iştirak edən indiki Baş nazir Binali Yıldırım (o vaxt Nəqliyyat naziri idi) mənə bu şeirdən çox təsirləndiyini demişdi.

Həqiqətən də 1961-də bu şeiri yazmaq cəsarət istəyirdi. Bu gün görkəmli şairimizin doğum günündə onu rəhmətlə anıram.

İbrahim Nebioğlu

 

Bosfor körfəzi…
İki qitə
Söykənmiş bir-birinə
Ortasında bu yolun.
Bir tərəfi Avropadır,
Bir tərəfi Asiya
İstanbulun…
Türk oğlu durub ortada
Seyr edir
Sağını,
Solunu.
Bir şəhərdə birləşir
İki qitə.
Birinin başlanğıcıdır,
Birinin sonu…
…Sol tərəfində
Dəbdəbəli keçmişindən yadigar qalan,-
Başı göylərə ucalan
Cameləri, bürcləri, qələləri;
Durur min ildən bəri.
Sağ tərəfində
Modern evlər, banklar, otellər…
Türk oğlu
Gözlərindən suallar yağa-yağa,
Gah sola baxır, gah sağa.
İstanbulun keçmişi vüqarlı, şanlı,
Bu günü özünə yad.
Gələcəyi dumanlı…
Bu gün
Bir ayağı Avropadadır.
Bir ayağı Asiyada
Türkün.
Qulaqlarında motor səsi,
Dilində quran surəsi
Türkün.
Zaman onu dilləndirir,
Əsrin ahənginə səs verir
Düşünüb dərindən;
Ancaq babası çəkir ətəklərindən.
Çırpmır şəhər
İkilik içində.
Düyüm-düyüm olmuş fıkirlər
Əsrin keşməkeşində…
Bir şəhərdə görüşür
İki dünya, iki aləm.
Tapacaqdır, əminəm,
Türk oğlu haqq yolunu.
O, hələlik seyr edir
Sağını,
Solunu…
Ürəyi Şərq ürəyi,
Ağlı Qərb ağlıdır
Türkün.
Bu təzaddan
Sinəsi dağlıdır
Türkün
Durab hiss ilə ağıl arasında.
Həqiqətlə nağıl arasında.
İrəlimi getsin
Geriyəmi dönsün
Keçmişdən qopa bilmir
Bu günümü
Tapa bilmir
Axtarır
Axtarır
Axtarır
Qarşıda işıq var,
Axtaran tapar!…

Fevral 1961, İstanbul