MARKONİ, ŞMAYSSER VƏ BORXESİN CƏNNƏTİ.. “Heç bir şey insan qədər yüksələ və onun qədər alçala bilməz”

“Heç bir şey insan qədər yüksələ və onun qədər alçala bilməz

                                                                Hölderlin

Yusif  ildırım sürətilə oxuyur, kitab çatdırmaq mümkün deyil ona. Dostlarımın içində onun qədər mütailə edən yoxdur. Zəngin kitabxanası var. İstanbula hər gələndə Rəmzi-ni, D&R-ı  silib-süpürüb 30-40 kg kitab aparır Bakıya (Hava limanında əlavə kg-lara ödədiyi pullardan bilirəm). İstanbuldakı bəzi nəşriyyat sahiblərini şəxsən tanıyır. Onlarla görüşdən sonra  sevinclə türklərin son illər daha çox kitab oxuduğunu deyir. Bu yaxınlarda 3 il əvvəlki bir məqaləm (http://ayna.az/2013/25-nefere-1-kitab/) haqda mənə: “Niyə təzə rəqəmlərə baxmırsan?”,- dedi.

Yusif Türkiyəni o qədər çox sevir ki, məqaləmdəki rəqəmlər ona yaman yer edir-  “25 nəfərə 1 kitab”, yəni 25 türk ildə 1 kitab oxuyur, yapon isə ildə 25 kitab

Türklərin kitaba marağı son illər xeyli artır. Lakin, belə bir yanlış fikir də formalaşır ki, güya türklər “Ən oxuyan millət”i, yəni rusları keçiblər. Bütün bunlara aydınlıq gətirmək üçün Yusifə  kiçicik araşdırma apardım.

World Culture Score index-in hesabatına görə, türklər həftədə 5.5 saat kitap oxumaqla 19-cu yerdədir. Türkiyə bu hesablamada İngiltərə, Kanada ve ABŞ-ı geridə qoyub. Ən çox oxuyan ölkə isə 10.4 saatlaHindistandır.

 

readers

Vaşinqton Post qəzeti (08.03.16)  ölkələrdəki oxuma-yazma səviyyəsi, kitabxana və qəzet sayı, tədris sistemi və b. göstəricilərə görə fərqli bir araşdırma aparıb.

Sovetlər (ruslar) heç vaxt dünyanın ən oxuyan milləti olmayıblar. Bu fikir Kreml ideoloqlarının uydurduğu yalandır. Marks, Engels, Lenin, Stalin, Brejnev və b. kitablarını astronomik tirajlarla çıxartdıqları üçün hamı elə bilirdi. Hərdən düşünürəm ki, Leninin 56 (!!!) cildlik əsərlərini ən son kim və nə vaxt oxuyan olub görəsən? Məncə, milyonlarla ölçülən tirajlara deyil, kimin nə qədər Nobel mükafatı aldığına və “Science Citation Index”ə baxmaq lazımdır.

“Ən oxuyan millət” olsaydılar, fransız Konyo və amerikalı Evansın ixtirası olan buxar maşınını ata-oğul Çerepanovun adına yazmaz, ar etmədən total oğurluq və saxtakarlıq etməzdilər. Musiqiləri, avtomobil və təyyarələri, silah və tankları ruhları incimədən öz adlarına çıxarmazdılar. «Fiat»ları «Jiquli», «Opel»ləri «Moskviç», «Buikc»ləri  «Zim», «Ford»ları «Volqa» yapmaqla orjinaldan zay təqlidlər etməzdilər.

1946-cı ildə sovetlər görkəmli alman silah ixtiraçısı və mühəndisi Huqo Şmaysseri (1884-1953) zorla, güc tətbiq edərək İjevsk  şəhərinə — SSRİ silah sənayesinin mərkəzinə gətirirlər. Şmaysser almanların məhşur STG-44 avtomatının (Sturmgewehr) ixtiraçısıdır və “Ən oxuyan millət” STG-nin kopiyasını – Kalaşnikovavtomatlarını istehsal etməyə başlayır.

XX əsrin ən nəhəng silah mühəndisi Şmaysseri sıravi alman tanımaz. Kalaşnikovu isə dünyada tanımayan yoxdur. Sovetin insaf və mürvəti bu idi.

Mendeleyevin adını “Kimyəvi elementlər cədvəlinə” , atom reaktorunu isə Kurçatova yazdılar, Jorj Bizeninyanına Rodion Şedrini “montaj” elədilər, “Krımnaş” deyib tarixi barmaqlarına doladılar və daha nələr, nələr. Biri də qayıdıb demədi ki, millət bu qədər oxuyandırsa, bu saxtakarlıqlara necə razı oldu…

*  *   *

Uşaqkən Gerbert Rappoportun məhşur “Popov” filminə baxanda atam –“Radionu Markoni kəşf edib, bunların yalan-palanına baxma !” — deyə məni məzəmmət etmişdi. Markoninin adını ilk dəfə atamdan eşitmişdim. “Ən oxuyan millət” isə radionu rus fizik Aleksandr Popovun ixtira etdiyinə inanır. Baxmayaraq ki, “Dünyada ilk dəfə radio vasitəsilə informasiya ötürdüyünə görə” fizika üzrə Nobel mükafatını 1909-cu ildə Gulyelmo Markoni (1874-1937) almışdı.

Markoni İtaliyanın şimalındakı Bolonyada doğulub. Deyilənə görə, bu şəhərin aeroportunda “Ən oxuyan millət”in sərxoş turistləri arabir xuliqanlıq edirlər. Səbəb də aeroportun adıdır. Onlar etiraz edirlər ki, niyə aeroport Markoninin adınadır, axı radionu biz kəşf etmişik. Sakitləşdirmək üçün onları “iki barmaq” Ceymson (Jameson) viskisinə qonaq edirlər. Çoxu bu əfsanəvi brendin tarixçəsini bilmədiyindən keflə viskini içir və sakitləşir. 1780-dən istehsal olunan bu viskinin qurucusu Markoninin ana tərəfdən babası Con Ceymsondur. İndi görün italyanlar kobud və sayğısız turistlərə necə “od” qoyurlar (Bu italyanları da anlamıram, aeroporta Popovun adını qoysaydılar, dünya dağılmazdı ki)…

* * *

Bu aralar Yusif çox sevdiyi Fridrix Hölderlinin şeirlərini oxuyur, alman romantizminin  banisini şəxsi vəsaiti hesabına tərcümə etdirmək istəyir. Gözəlliyi özünə ideal seçmiş Hölderlinin lirizmi, faciəli həyatı son vaxtlar çox məşğul edir dostumu. Yusif Hölderlinin şeirlərinə bayılır, mən isə yenicə bitirdiyim “Hiperion” romanına.

Xorxe Luis Borxes cənnəti ucsuz-bucaqsız, böyük bir kitabxana kimi görürdü – Və bu kitabxana labirint kimidir – girişi var, amma çıxışı yoxdur. Ora daxil olan bu labirintdə ömürlük hərəkət etməyə məhkumdur, hara getsən, qarşına ancaq kitablar çıxacaq,  hansılar ki, tədricən kosmos olacaqlar».

Elə bir cənnətə düşsən, məni də ora səslə, əziz dost.

Yusifi özünə oxşadığı üçün sevirəm. Bir də çox oxuduğu üçün

 

nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

Kaynak: ayna.az